çərşənbə axşamı 24 fevral 2026 - 20:37
Təhdidlər qarşısında susmaq düşməni cəsarətləndirir / Bəni Nəzir fitnəsindən bu gün üçün 4 dərs

Ayətullah Kəbi Bəni Nəzir yəhudilərinin hadisəsinə işarə edərək, bu hadisəni İslam hakimiyyətinə qarşı müqavilə pozuntusu və çevriliş nümunəsi kimi qiymətləndirərərək vurğulayıb ki, Peyğəmbərin (s) bu hadisəyə sərt reaksiya göstərməsi, bu gün fitnəkar və nüfuz sahibləri ilə qarşılaşarkən örnək götürülməli bir yanaşmadır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə Ayətullah Abbas Kəbi Qum şəhərində yerləşən İmam Hüseyn Elm və Mədəniyyət mərkəzində keçirilən Qurani-Kərimin silsiləvi təfsir dərslərinin davamında “Həşr” surəsinin ilk ayələrinin təfsirini şərh edib. O, Bəni Nəzir yəhudilərinin tarixi hadisəsini təhlil edərək bunu İslam ümməti üçün tarix boyu ibrət dərsi kimi qiymətləndirib.

Bəni Nəzir: Möhkəm qalalara sığınan fitnəkarlar

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin sədr müavini çıxışının əvvəlində Bəni Nəzir hadisəsinin keçmişinə toxunaraq bildirib ki, Bəni Nəzir Mədinə ətrafında yaşayan yəhudi qəbilələrindən idi. Onlar Məhəmməd Peyğəmbər (s) ilə müqavilə bağlamış və Mədinə konstitusiyasını imzalamışdılar.

O qeyd edib ki, iqtisadi və ictimai nüfuzlarından, həmçinin siyasi əlaqələrindən istifadə edərək, eyni zamanda bir tərəfdən Mədinə münafiqləri, digər tərəfdən isə Qüreyş müşrikləri ilə əlaqə qurmaqla yeni formalaşmış İslam hakimiyyətini devirməyə cəhd göstərmişdilər.

Ayətullah Kəbi əlavə edib ki, bu fitnənin başçısı Kəb ibn Əşrəf idi. O, qırx atlı ilə Məkkəyə gedərək Qüreyş müşrikləri ilə İslam cəbhəsinə zərbə vurmaq barədə razılıq əldə etmişdi. Müsəlmanların Ühüd döyüşündə zahiri məğlubiyyətindən sonra onlar İslamın zəiflədiyini güman edərək son hücumun vaxtının çatdığını düşünmüşdülər.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü bildirib ki, bu plan Peyğəmbərin (s) müdrik tədbiri və Əmirəl-möminin Əlinin (ə) rəhbərliyi ilə uğursuzluğa düçar oldu. Bəni Nəzir qəbiləsinin on başçısı məhv edildi, Kəb ibn Əşrəf isə əsas qarşıdurmadan əvvəl xüsusi əməliyyat nəticəsində öldürüldü.

Qələbənin ilahi iradədə cəmlənməsi ayənin əsas mesajıdır 

Ayətullah Kəbi “مَا ظَنَنْتُمْ أَنْ یَخْرُجُوا وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ” (Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlblərinə qorxu saldı) ayəsinə istinad edərək bildirib ki, ayədəki ifadə qələbənin yalnız Allahın iradəsi ilə gerçəkləşdiyini göstərir. Müsəlmanlar belə qüdrətli şəkildə onları qovacaqlarını heç təsəvvür etmirdilər.

O qeyd edib ki, Bəni Nəzir tayfasının maddi baxımdan keçilməz hesab edilən beş möhkəm qalası var idi. Onlar düşünürdülər ki, bu qalalar onları məğlubiyyətdən qoruyacaq. Lakin Allah-Təala bildirir ki, insan ən möhkəm sığınacaqlarda belə uz tutsa ilahi əcəl və məhv onu yaxalayacaq.

Ayətullah Kəbi vurğulayıb ki, bu ayə bütün dövr və cəmiyyətlər üçün dərsdir. İnsanlar maddi gücə arxalanaraq onu məğlubiyyətdən qoruyacağını düşünürlər. Halbuki Allah qüdrət və hikmət sahibidir və heç bir qala zalımları həlakətdən qoruya bilməz.

O, İslam İnqilabı tarixindən misallar çəkərək qeyd edib ki, İmam Xomeyni (r) Xürrəmşəhr azad ediləndə “Xürrəmşəhri Allah azad etdi” demişdi. Təbəs hadisəsi uğursuzluqla nəticələnəndə isə “bu qumlar Allahın əsgərləri idi” ifadəsini işlətmişdi. Bu isə ilahi qüdrətə olan inamın qələbəyə səbəb olduğunu göstərir.

Ayənin ədəbi təhlili: Üç ardıcıl ehtimal

Ayətullah Kəbi çıxışının digər hissəsində “Həşr” surəsinin ikinci ayəsinin ədəbi təhlilinə toxunaraq bildirib ki, bu ayənin əvvəlki ayə (Allahın təsbihi) ilə əlaqəsi barədə üç ehtimal mövcuddur və hər üçü birlikdə qəbul oluna bilər.

Onun sözlərinə görə, birinci ehtimala əsasən, ayə müstəqil başlanğıcdır və birbaşa təsbihlə əlaqəsi yoxdur, Allahın qüdrətini göstərmək və onu tərif etmək məqsədi daşıyır. İkinci ehtimala görə, ayə təsbihin səbəbidir. Çünki Allah müqaviləni pozan fitnəkarların onun övliyalarına qalib gəlmə ehtimalından uzaqdır. Üçüncü ehtimal isə ayənin əvvəlki ayədəki “əl-Əziz, əl-Həkim” sifətlərinə işarə etməsidir.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü xatırladıb ki, bəlağət elmində bu ifadə “iddia olunan məhdudlaşdırma” adlanır. Yəni möminlərin gördüyü işlər Allahın gördüyü işi ilə müqayisədə heç nədir və əldə olunan qələbə yalnız Allahın yardımı ilə mümkün olmuşdur.

Kitab Əhli: Əqidəvi küfrlə siyasi küfrün fərqi

Ayətullah Abbas Kəbi “الَّذِینَ کَفَرُوا مِنْ أَهْلِ الْکِتَابِ” (Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar) ifadəsinə toxunaraq belə bir sual irəli sürüb: Allaha və Qiyamət gününə inanan Kitab əhli necə “kafir” adlandırıla bilər?

O, cavabında bildirib ki, burada küfr iki mənada işlədilib. Birincisi, Peyğəmbər Əkrəmin (s) nübüvvət və risalətini inkar etməkdir ki, bu da nəticə etibarilə Allaha qarşı küfrə gətirib çıxarır. Lakin ayədə daha mühüm məqam küfrün İslam dövlətinə qarşı çıxmaq, Mədinə konstitusiyasını (əsas qanununu) pozmaq və siyasi xəyanət mənasında işlədilməsidir.

Ayətullah Kəbi vurğulayıb ki, Kitab Əhli iki qrupa bölünür. Birinci qrup müqaviləyə sadiq olanlardır. Onlar İslam dinini qəbul etməsələr də, İslam dövlətinin qanunlarını tanıyır və dinc şəraitdə yaşayırlar. Qurani-Kərim buyurur: “ما استقاموا لکم فاستقیموا لهم” yəni o sizə qarşı düzgün (müqaviləyə uyğun) davarndıqları müddətdə siz də onlara qarşı düzgün davranın.

İkinci qrup isə İslam dövlətinə qarşı çıxan, çevriliş və hakimiyyətin devrilməsi istiqamətində fəaliyyət göstərənlərdir. Bəni Nəzir tayfası bu qrupa aid idi.

O qeyd edib ki, Bəni Nəzir yəhudiləri ilə müharibənin səbəbi təkcə onların Allaha və ya Peyğəmbərə (s) iman gətirməməsi deyildi. Əsas səbəb onların İslam dövlətinə qarşı çıxması və siyasi xəyanət etməsi idi.

Saxta qüdrətin süqutu

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü  “لِأَوَّلِ الْحَشْرِ” (ilk toplandıqları zaman) ifadəsinin təfsirinə toxunaraq bildirib ki, “həşr” toplamaq və çıxarmaq mənasını verir. “لِأَوَّلِ الْحَشْرِ” isə bu xəyanətkarların ilk dəfə öz yurdlarından qovulmasını bildirir. Bu hadisə İslam üçün böyük bir nailiyyət idi. Çünki ilk dəfə onlar rüsvayçı məğlubiyyətə uğradıldılar.

O əlavə edib ki, “فَأَتَاهُمُ اللَّهُ مِنْ حَیْثُ لَمْ یَحْتَسِبُوا” (Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi)
 ifadəsi Allahın onlara gözləmədikləri yerdən zərbə vurduğunu göstərir. Batil əsaslar üzərində qurulan maddi sivilizasiyalar o cümlədən, zorakılıq, zülm və fəsad üzərində ucaldılan dövlətlər zəif təməl üzərində qurulmuş bina kimidir və kiçik bir təzyiq qarşısında dağılır.

Ayətullah Kəbi Bəni Nəzir tayfasının vəziyyətini müasir Qərb maddi sivilizasiyası ilə müqayisə edərək bildirib ki, ABŞ bütün zahiri qüdrət və nümayişinə baxmayaraq, tənəzzül yolundadır. Bu gün Qərb idarəetmə, mənəviyyat, ailə institutu, təhlükəsizlik və sosial bərabərsizlik kimi ciddi böhranlarla üz-üzədir. Hətta Qərb mütəxəssisləri belə etiraf edirlər ki, İslam Avropa və Qərbdə sürətlə yayılır və artan templə inkişaf edir.

Haqq cəbhəsinin psixoloji qələbəsi

Ayətullah Kəbi “وَقَذَفَ فِی قُلُوبِهِمُ الرُّعْبَ” (onların qəlblərinə qorxu saldı) ifadəsinə diqqət çəkərək bildirib ki, “قَذَفَ” qəfil və güclü şəkildə atmaq deməkdir. Allah bir anda onların qəlbinə güclü qorxu saldı. Bir saat əvvəl qüdrət və təkəbbür içində olanlar qəfil olaraq sarsıldılar.

O vurğulayıb ki, Allah haqq cəbhəsinin qələbə amillərindən birini düşmənin mənəvi və psixoloji sarsıdılmasında qərar verib. O, əvvəlki çıxışlarında qeyd etdiyini xatırladaraq bildirib ki, İmam Məhdi (ə.f) üç vasitə ilə qələbə qazanacaq: Möminlər, mələklər və düşmən üzərində psixoloji üstünlük. Psixoloji mübarizə meydanında da haqq cəbhəsi qalibdir.

Düşmənin öz əli ilə evini dağıtması

“یُخْرِبُونَ بُیُوتَهُمْ بِأَیْدِیهِمْ وَأَیْدِی الْمُؤْمِنِینَ” (Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar)
ayəsinə toxunaraq bildirib ki, Peyğəmbər (s) Bəni Nəzir tayfasına 10–24 gün ərzində Mədinəni tərk etmələri üçün ultimatum vermişdi. Onlar əvvəlcə müqavimət göstərdilər. Münafiqlərin başçısı iki min nəfərlə yardım edəcəyinə söz verdi, Qüreyş müşrikləri də dəstək vəd etdilər.

O qeyd edib ki, müqavimət nəticə vermədikdə və Peyğəmbər (s) mühasirəyə başlayaraq xurma ağaclarını kəsdirdikdə, Bəni Nəzir təslim oldu. Onlar şəhəri tərk etməyi qəbul etdilər, lakin mallarını özləri ilə aparmaq şərti qoydular. Peyğəmbər (s) silah və əsas hərbi avadanlıqları aparmağa icazə vermədi, amma ev əşyalarını dəvələrlə çıxara biləcəklərini bildirdi.

Bəni Nəzir evlərinin qapı və taxta hissələrini sökərək özləri ilə apardı. Daha sonra müsəlmanlar daxil olaraq qalan hissələri dağıtdılar. Ayədə qeyd olunan “öz əlləri ilə evlərini dağıtmaq” ifadəsi məhz bu mənzərəni əks etdirir.

Quranda tarixi hadisələrin zikr edilməsinin fəlsəfəsi

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Qurani-Kərimin  12-ci surəsi olan  Yusif surəsinin 111-ci ayəsinə “لَقَدْ کَانَ فِی قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِی الْأَلْبَابِ” (Şübhəsiz ki, onların qissələrində ağıl sahibləri üçün ibrət vardır.) istinad edərək bildirib ki, Quranda bu cür hadisələrin zikr olunmasının məqsədi ibrət götürməkdir.

Onun sözlərinə görə, Bəni Nəzir zahiri məğlubiyyət fonunda İslam hakimiyyətini zəif göstərməyə çalışdı, xarici düşmənləri təhrik etdi və dini hakimiyyətin əsaslarını sarsıtmağa cəhd göstərdi. Bu strategiya bu gün də informasiya müharibəsi, nüfuz şəbəkələri və ideoloji təzyiq vasitəsilə təkrarlanır.

Bəni Nəzir fitnəsindən bu gün üçün dörd dərs

Ayətullah Kəbi “فَاعْتَبِرُوا یَا أُولِی الْأَبْصَارِ” (Ey ağıl sahibləri, (bundan) ibrət alın! ) ifadəsinə əsaslanaraq bu hadisədən müasir dövr üçün bir neçə mühüm nəticə çıxarıb.

Fitnəkarların güc mənbələrinin aradan qaldırılmasının zəruriliyi

Ayətullah Abbas Kəbi bildirib ki, fitnəkarların güc və təsir imkanları vaxtında aradan qaldırılmalıdır. Xəyanətə qarşı qəti və şəffaf mövqe sabitlik və təhlükəsizliyin əsas şərtidir. Peyğəmbər (s) Bəni Nəzirin xəyanətinə bəhanə qazandırmadı və məsələni müzakirəyə açıq saxlamadı. Əgər yumşaqlıq göstərilsəydi, fitnə müvəqqəti səngiyə bilərdi, lakin sonradan bəhanə gətirib “niyyətimiz bu deyildi” və ya “səhvi düzəltmək istəyirik” deyərdilər. Onların artıq İslam və İslam dövləti ilə eyni mövqedə olmadığını anlayan kimi məsələni qəti şəkildə həll etdi və güzəştə yol vermədi. 

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib ki, əgər yumşaqlıq göstərilsəydi, fitnə müvəqqəti səngiyə bilərdi, lakin sonradan yenidən təşkilatlanma və daha böyük təhlükə yaranardı. Bəni Nəzirin qovulması və onların güc mənbələrinin kəsilməsi çevriliş planının iflasa uğramasına səbəb oldu. Bu tarixi təcrübə bu gün də daxili nüfuz və fitnə halları ilə mübarizədə yolgöstərici kimi qiymətləndirilir.

2. Aldadılmış kütlələr üçün saxta ümidlərə aldanmamaq

Ayətullah Kəbi bildirib ki, adətən fitnə proseslərində münafiqlər bir qrup insanı saxta vədlərlə önə çəkirlər. Fitnənin tozu-dumanı yatdıqdan sonra isə həmin aldadılmış şəxslər peşman olurlar. Lakin bu peşmançılıq çox vaxt artıq gec olur və heç bir fayda vermir. O vurğulayıb ki, bədəl ödəmədən aparılan nifaq fəaliyyəti son dərəcə təhlükəli və dağıdıcıdır.

O əlavə edib ki, münafiqlər həmişə saxta ümidlər aşılayaraq sadəlövh insanları meydana sürükləyirlər, amma böhran anında onları tək buraxırlar. Bunun tarixi nümunəsi kimi Abdullah ibn Ubayy və tərəfdarlarının Bəni Nəzirə iki min nəfərlə yardım vəd etməsini, lakin sonradan onları tək qoymasını göstərib.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü qeyd edib ki, son illərin fitnə təcrübəsi də göstərir ki, xarici vədlərə və daxili emosional çağırışlara arxalananlar sonda məğlubiyyət və məyusluqla üzləşirlər. Onun sözlərinə görə, İran İslam Respublikası milli iradəyə və müdrik, cəsarətli rəhbərliyə söykənərək sabit və davamlıdır və bu, ilahi vəddir.

3. Fitnəkarların aradan qaldırılmasının zəruriliyi

Ayətullah Abbas Kəbi bildirib ki, fitnəkarlar, Ali Məqamlı Rəhbərin ifadəsi ilə desək, “külə döndərilməlidir”. Milli qüdrət, diplomatiya ilə meydanın (hərbi və təhlükəsizlik sahəsinin) uzlaşması düşmən qarşısında möhkəm sədd yaradır.

Onun sözlərinə görə, Məhəmməd Peyğəmbər (s) Mədinə şəhərini təhlükədən necə təmizləmişdisə, bu gün də İran İslam Respublikasının müdafiə, raket və təhlükəsizlik gücü ölkə diplomatiyası üçün belə bir etibarlı dayaqdır.

Ayətullah Kəbi vurğulayıb ki, təhdidlər qarşısında yumşaqlıq və susqunluq nəinki çəkindirici deyil, əksinə, düşməni daha da cəsarətləndirir.

4. Vasitələr dəyişsədə, mübarizə məntiqi dəyişmir

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü qeyd edib ki, zaman keçdikcə vasitə və üsullar dəyişə bilər. Əvvəllər düşmənlər qalaların arxasında toplanırdı, bu gün isə üsullar fərqlidir. Lakin təhdid və qarşıdurmanın məntiqi dəyişməz qalır.

Onun sözlərinə görə, müasir dövrdə çevriliş cəhdləri Bəni Nəzirin xəyanət modelinə bənzəyir. Bu gün də psixoloji müharibə, düşmən media şəbəkələri, nüfuz əməliyyatları və ictimai təhrik mexanizmləri vasitəsilə sabitliyi sarsıtmaq cəhdləri göstərilir.

O bildirib ki, Bəni Nəzir hadisəsi bizə nümunə olaraq öyrədir ki, əgər nüfuz, nifaq və çevriliş cəhdləri vaxtında ciddiyə alınmazsa, milli təhlükəsizlik risk altına düşər. Buna görə də düşmənlə mübarizədə ağıllı, şəffaf və qətiyyətli yanaşma ictimai ədalət və sabitliyin qorunmasının əsas şərtidir.


İslam İnqilabının Ali Məqamlı Rəhbərinin təhlükəsizlik və məhkəmə orqanlarına mühüm xəbərdarlığı

Ayətullah Kəbi çıxışının sonunda İslam İnqilabının Ali  Məqamlı Rəhbəri Seyid Əli Xameneinin 17 fevral (28 bəhmən) tarixində Şərqi Azərbaycan (Təbriz) əhalisi ilə görüşdə səsləndirdiyi fikirlərə istinad edərək bildirib: Onun sözlərinə görə, Ali  Məqamlı Rəhbər təhlükəsizlik və məhkəmə qurumlarına xəbərdarlıq edərək bildirib ki, düşmənlə istər əməl, istər söz, istərsə də təhlil səviyyəsində həmrəylik, əməkdaşlıq və ya həmrəylik edənlərlə qanuni və ədalətli şəkildə davranılmalıdır. Eyni zamanda vurğulanıb ki, yersiz sərtlik zərərli olduğu kimi, yersiz yumşaqlıq da ölkəyə ziyan vurur.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü sonda qeyd edib ki, Qərb maddi sivilizasiyası zahiri parıltısına baxmayaraq, batil, zorakılıq və ədalətsizlik üzərində qurulduğu üçün zəif təmələ malikdir və tənəzzül yolundadır. Eyni ilə bir zamanlar Bəni Nəzirin möhkəm qalaları ilahi qüdrət qarşısında süquta uğratdı kimi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha